DOLEKS
DOLEKS 25 mq örtüklü tabletlər
Barkod: 8699783091217
Təsiredici maddə: 1 tabletin tərkibində 36,9 mq deksketoprofen trometamol (25 mq deksketoprofenə ekvivalent) vardır.
Köməkçi maddələr:qarğıdalı nişastası, mikrokristallik sellüloza PH 101, natrum nişasta qlikolyatı Tip A, qliseril distearat, ağ opadri II Ağ 85F18422: polivinil spirti, titan dioksid, polietilenqlikol, talk.
İstifadəsinə göstərişlər:
DOLEKS – QSİƏP qrupundan olan ağrıkəsici vasitədir.
Osteoartrit (oynaqlarda zədələnmə və kalsifikasiya), revmatoid artrit (oynaqların iltihabi xəstəliyi) və ankilozlaşdırıcı spondilit (daha çox onurğa oynaqlarında rigidliklə müşayiət olunan ağrılı inkişaf edən revmatizm) əlamətlərinin və simptomlarının müalicəsi ilə kəskin podaqra artriti (podaqra xəstəliyinə görə oynaqların ağrılı iltihabı), skelet-əzələ sisteminin kəskin ağrılarının (məsələn, bel ağrısı), postoperativ ağrının (əməliyyatdan sonrakı ağrının) və dismenoreyanın (ağrılı aybaşı dövrlərinin) və diş ağrısının müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər
Əgər,
• Deksketoprofen trometamola və ya DOLEKS-in köməkçi maddələrindən hər hansı birinə
qarşı allergiyanız varsa (yüksək həssaslıq);
• Asetilsalisil turşusuna və ya digər QSİƏP-ə qarşı allergiyanız varsa;
• Əgər astmanız varsa, ya da keçmişdə aspirin və ya digər QSİƏP-dən istifadə etdikdən sonra astma tutması, kəskin allergik rinit (allergiya nəticəsində burunda qısa müddətli iltihab), burunda poliplər (burun boşluğunda allergiya nəticəsində yaranan kütlələr), övrə (dəridə səpgi), allergiya nəticəsində üz və boğazın şişməsi (üzün, gözlərin, dodaqların və ya dilin şişməsi, nəfəs almaqda çətinlik) və ya sinədə xırıltı baş vermişdirsə;
• Ketoprofen (QSİƏP) və ya fibratdan (qanda aterogen lipoproteinləri azaltmaq üçün istifadə olunan dərman) istifadə zamanı fotoallergik və ya fototoksik reaksiyalardan (günəşə məruz qalan dərinin qızarması və/və ya suluqlanması kimi əlamətlər) şikayətlənirsinizsə;
• Mədə xorası (mədə-bağırsaq yarası), mədə və ya bağırsaq qanaxması və ya davam edən həzm problemləri (məsələn, mədə pozğunluğu, sinədə yanma hissi) varsa və ya əvvəllər mədə və ya bağırsaq qanaxması, xoralar (mədə-bağırsaq yaraları) və ya perforasiya olmuşdursa;
• Həzm sisteminizdə davamlı problemləriniz varsa (məsələn, mədə pozğunluğu, qıcqırma);
• Əvvəllər QSİƏP-dən ağrıkəsici kimi istifadə zamanı mədə və ya bağırsaq qanaması və ya perforasiya keçirmisinizsə;
• Davamlı iltihabi bağırsaq xəstəliyiniz varsa (Kron xəstəliyi və ya xoralı kolit);
• Ağır ürək çatışmazlığı, orta və ya ağır böyrək və ya ağır qaraciyər probleminiz varsa;
• Qanaxma pozğunluğunuz və ya qanınızın laxtalanma pozğunluğu varsa;
• Qusma, ishal və ya qeyri-kafi maye qəbulu (bədəndə çox miqdarda maye itkisi) nəticəsində ağır dehidratasiyanız (orqanizmin susuzlaşması) varsa;
• Hamiləliyin üçüncü trimestrindəsiniz və ya südəmər uşağınız varsa;
• Koronar arteriya əməliyyatı keçirmisinizsə (koronar arteriyanın şuntlanması), preparatı əməliyyatdan əvvəl, əməliyyat zamanı və əməliyyatdan sonra ağrıların müalicəsində istifadə etməyin.
İstifadə qaydası və dozası:
Tabletləri kifayət qədər su ilə qəbul edin. Ağrınız güclüdürsə və ağrını daha sürətlə aradan qaldırmaq lazımdırsa, tabletin sorulması daha asan olacağı üçün onu acqarına qəbul edin – yeməkdən ən azı 30 dəqiqə əvvəl. DOLEKS-in lazım olan dozası ağrınızın növündən, şiddətindən və müddətindən asılıdır. Tövsiyə olunan doza adətən gündə 3 tabletdən (75 mq) çox olmamaqla, hər 8 saatdan bir 1 tablet (25 mq) təşkil edir.
Uşaq və yeniyetmələrdə DOLEKS istifadə edilməməlidir.Yaşlısınızsa, gündə 2 tabletdən (50 mq) çox olmayan doza ilə müalicəyə başlamalısınız. DOLEKS-ə dözümlülüyünüz yaxşıdırsa, yaşlı xəstələrdə bu başlanğıc doza adi tövsiyə olunan dozaya (75 mq) qədər artırıla bilər.
Buraxılış forması:
5 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti:
25°C-dən aşağı otaq temperaturunda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Aptekdən buraxılma şərti:
Resept əsasında buraxılır.